30-08-2019

“FINCA Azerbaijan” Ağdaş və Bərdə filiallarının rəsmi açılışını etdi

“FINCA Azerbaijan”  filial şəbəkəsinin  genişləndirilməsi planları çərçivəsində eyni gündə Ağdaş və Bərdə rayonlarında yeni filiallarını açıb.

İlk rəsmi açılış mərasimi Ağdaş rayonunda baş tutub və tədbirdə “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib.

Açılış mərasimində çıxış edən Timoti Tarrant deyib ki, “FINCA Azerbaijan”ın Ağdaş filialı yerləşmə baxımından bir çox rayonlara xidmət etmək imkanına sahibdir. Onun sözlərinə görə, Ağdaş filialı vasitəsilə Göyçay, Ucar, Yevlax, Qəbələ və Mingəçevirdə yaşayan kiçik biznes sahibləri FINCA-nın müxtəlif kredit məhsullarından faydalana biləcəklər.

“FINCA Azerbaijan”ın Ağdaş filialı rayon İcra Hakimiyyətinin binası yaxınlığında yerləşir.

FINCA eyni gündə Bərdə filialının da rəsmi açılışını həyata keçirib. Açılış mərasimində çıxış edən Timoti Tarrant bunları deyib: “FINCA regionlarda kiçik sahibkarların maliyyəyə çıxış imkanlarını yaxşılaşdırılması istiqamətində regionlarda fəaliyyətini genişləndirməyə davam edir. Hesab edirik ki, bu filialımız Bərdə və bu regiona yaxın yerləşən ərazilərdəki müştərilərə daha məsuliyyətli maliyyə xidmətləri göstərilməsi işinə müsbət töhvə verəcəkdir”.

Bərdə filialı rayonun Koroğlu küçəsində yerləşir. Bu filiala Bərdə, Ağdam və Tərtərdən olan kiçik sahibkarlar kredit üçün müraciət edə bilərlər.

FINCA yaxın vaxtlarda Salyan, Lənkəran və Beyləqanda yeni filiallarının rəsmi açılışını  həyata keçirməyi planlaşdırır.