“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2018-ci il ərzində gəlirliliyi təmin edə bilib. Bu, şirkətin 2016-2017-ci illərdə əməliyyat xərclərini azaltması səyləri və əməliyyatları daha səmərəli şəkildə yenidən qurması ilə mümkün olub.

“FINCA Azerbaijan” kredit təşkilatının ötən maliyyə ilində yenilənmiş Beynəlxalq Maliyyə Hesabatları Standartının (IFRS9) tətbiqinə qədər 4.1 milyon AZN əməliyyat gəliri olub. Şirkət 2018-ci ildə IFRS9 (International Financial Reporting Standarts ) standartını tətbiq etdikdən sonra gəlir 3.9 milyon AZN civarında azalıb. Bununla belə, Təşkilatın 2018-ci ildə IFRS9 standartını tətbiq etməsi bölüşdürülməmiş mənfəətə müsbət təsir edərək şirkətin  kapitalının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.

Yenidən kreditləşməyə 2018-ci ilin dekabrından başlayan FINCA-nın ötən maliyyə ilində əsas gəliri kredit borcları üzrə geri yığımları daha yaxşı şəkildə təşkil etməsi, eləcə də silinmiş kredit borc portfeli üzrə geri yığımın bərpası və əməliyyat xərclərinin azaldılması hesabına mümkün olmuşdur.

Hazırda Təşkilatın nizamnamə kapitalı 3.7 milyon AZN təşkil edir ki, bu da bank olmayan kredit təşkilatları üçün müəyyənləşdirilmiş minimum həddən 12 dəfə çoxdur. Şirkətin 31 dekabr 2018-ci il tarixinə cəmi kapitalı 7.7 milyon AZN təşkil edib.

Hal-hazırda FINCA əməliyyatların daha səmərəli şəkildə qurulması prosesini davam etdirir və regionlarda yeni filial şəbəkəsinin artırılması üzrə 5 illik fəaliyyət planına uyğun olaraq, işlərini genişləndirir.

FINCA Aze Maliyyə Hesabatı 2018