“FINCA Azerbaijan” “Müştəri Məlumatının Məxfiliyinin Nümunəvi Qorunması” mükafatına layiq görülmüşdür

29 Yanvar 2014-cü il tarixində, FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən elan olunmuş “AMFA Mükafatlandırma Proqramı – 2014” layihəsi çərçivəsində “Müştəri Məlumatının Məxfiliyinin Nümunəvi Qorunması” nominasiyası üzrə qalib gəlmişdir. Mükafatlandırma mərasimi ölkədə fəaliyyət göstərən müxtəlif bank və qeyri-bank təşkilatlarının, yerli və xairici maliyyə qurumlarının iştirakı ilə təşkil olunan “AMFA İllik Şam Ziyafəti”ndə keçirilmişdir.

SMART kampaniyasına qoşulmuş mikromaliyyə qurumlarından biri olaraq FINCA Azerbaijan kredit təşkilatı SMART-ın əsas prinsiplərindən biri olan müştəri məlumatının məxfiliyinin qorunması istiqamətində xüsusi sənədlər toplusu və müvafiq mexanizmləri işləyib hazırlamışdır.

Müştərilərinin həm şəxsi, həm də maliyyə məlumatlarının məxfiliyinin və təhlükəsizliyinin qorunmasına ciddi yanaşan FINCA Azerbaijan daxili təlimatları və yazılı siyasəti əsasında həmin məlumatların toplanması, təhlili, istifadəsi və qorunması qaydalarını tənzimləyir.

15 il  Azərbaycanda fəaliyyət göstərən “FINCA Azerbaijan” QBKT yarandığı tarixdən bu günədək müştərilərinə 1 milyard ABŞ dollarına yaxın məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 65 filial vasitəsilə 150,000 nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərir. “FINCA Azerbaijan”ın ümumi kredit portfeli 200 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə “FINCA Azerbaijan” təkcə ən böyük mikro-maliyyə təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır.

 
 
©2018 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat